Müsəlman Şərqini Öyrənən Cəmiyyət
Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı.
1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər.
Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi.
Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır).